SİYASƏT
TOKİODA GUAM-YAPONİYA FORMATINDA MİLLİ ƏLAQƏLƏNDİRİCİLƏRİN İCLASI KEÇİRİLƏCƏK
Bakı, 11 fevral (AZƏRTAC). Fevralın 19-20-də Tokioda GUAM-Yaponiya formatında milli əlaqələndiricilər Şurası səviyyəsində görüş keçiriləcəkdir.
GUAM Katibliyinin rəsmi saytında bildirilir ki, iclasın gündəliyi Ukrayna xarici işlər nazirinin müavini, GUAM-ın Ukraynadakı milli əlaqələndiricisi Aleksandr Qorinin GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə fevralın 9-da keçirilən görüşündə müzakirə olunmuşdur.
Milli əlaqələndiricilərin GUAM-Yaponiya formatında iclasının keçirilməsi barədə razılıq ötən ilin dekabrında Helsinkidə keçirilən GUAM xarici işlər nazirləri Şurası-Yaponiya görüşündə əldə edilmişdir.
Həmin görüşdə Yaponiya tərəfi 2009-cu ilin fevralında Tokioda GUAM ölkələrinin yüksək səviyyəli ekspertləri üçün ticarət və investisiya mövzusunda seminar keçirilməsini təklif etmişdi.
Yaponiyanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, seminar fevralın 1-9-da GUAM ölkələrinin sərmayələr və ticarətin inkişafı məsələləri üzrə rəsmi şəxsləri və ekspertlərinin, habelə GUAM Katibliyi nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Seminar iştirakçıları Yaponiyanın “JETRO” sərmayə və ticarət təşkilatında olmuş, GUAM ölkələrində sərmayə mühitinin yaxşılaşdırılması və bu dövlətlərlə Yaponiya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.