REGİONLAR
Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir
İsmayıllı, 11 noyabr, AZƏRTAC
Müasir dünyada müxtəlif millətlərə, dinlərə mənsub insanların bir arada yaşaması olduqca vacibdir. Tolerantlıq mühitinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi zamanın ən ümdə çağırışlarındandır.
AZƏRTAC xəbər verir ki, bu fikir noyabrın 11-də İsmayıllıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 16 noyabr- Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirdə səsləndirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbirdə çıxış edərək Prezidentin müvafiq Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu, bu istiqamətdə İsmayıllıda ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov Beynəlxalq Tolerantlıq Günü ilə bağlı məruzə ilə çıxış edib. Məruzəçi konkret faktlara istinad edərək Azərbaycanda dinlərarası, millətlərarası münasibətlərin normal dinamikasını, multikulturalizmin həyat tərzinə çevrilməsini ölkə rəhbərinin apardığı uğurlu siyasətin nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bu sahədə ümummilli lider Heydər Əliyevin apardığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dünyada Azərbaycanın tolerant və multikultural bir ölkə kimi tanındığını bildirib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.