İDMAN
Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Qəbələ” komandası “Kəpəz”i qəbul edəcəkdir
Bakı, 15 noyabr (AZƏRTAC). Futbol üzrə Azərbaycan milli komandasının oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən sonra “Qəbələ” ilk oyununu noyabrın 19-da keçirəcəkdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, Premyer liqanın XIII turu çərçivəsində “Qəbələ” komandası Gəncənin “Kəpəz” kollektivini qəbul edəcəkdir. Rəqibin ölkənin ən zəngin tarixə malik klublarından biri olmasına baxmayaraq, komandalar cəmi 7 dəfə üz-üzə gəlmişlər.
Bu da “Kəpəz”in müəyyən müddətə fəaliyyətini dayandırması ilə bağlıdır. “Qəbələ” ilə Gəncə təmsilçisi arasında ilk oyun 2 il əvvəl oktyabrın 31-də keçirilmişdi. Həmin mövsüm “Gəncə” adlanan klubla 2 dəfə təsnifat mərhələsində görüşən “Qəbələ” qolsuz heç-heçə ilə kifayətlənmişdi. Komandalar həmin vaxt 7-12-ci yerlər uğrunda mübarizə zamanı da üz-üzə gəlmişlər. Lakin yenə hər 2 matç heç-heçə bitmişdi.
Ötən mövsüm isə komandaların hərəsi öz meydanında qalib gəlməyi bacarmışdı. “Qəbələ” doğma divarlar arasında 2 cavabsız qol vurmağın öhdəsindən gəlsə də, gəncəlilər evdə minimal fərqə sevinmişdi.
Ölkə kuboku yarışlarında heç vaxt görüşməyən komandaların çempionatdakı 7 görüşündə top fərqi tarazlaşmışdır – 5:5. Qələbə sayında isə “Kəpəz” öndədir.