Topdansatış ticarət dövriyyəsi artıb
Bakı, 15 avqust, AZƏRTAC
2025-ci ilin birinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 0,5 faiz artaraq 16 milyard 340,3 milyon manata bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövriyyənin 33,7 faizi ərzaq məhsullarının, 10,2 faizi içkilər və tütün məmulatlarının, 6,9 faizi bərk və maye yanacaqların, 6,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 2,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,9 faizi elektrik malları və mebellərin, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının topdan satışı sayəsində formalaşıb.
2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin 58,7 faizi Bakı şəhərinin (2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə real ifadədə 4,4 faiz çox), 5,8 faizi Abşeron-Xızı (6,5 faiz çox), 4,5 faizi Mərkəzi Aran (0,2 faiz az), 4,2 faizi Gəncə-Daşkəsən (0,4 faiz çox), 4,1 faizi Lənkəran-Astara (2,2 faiz çox), 3,7 faizi Qazax-Tovuz (3,5 faiz çox), hər biri 3,2 faiz olmaqla Quba-Xaçmaz (2,7 faiz çox) və Şirvan-Salyan (1,1 faiz çox), 3,1 faizi Şəki-Zaqatala (2,1 faiz çox), 2,7 faizi Qarabağ (7 faiz çox), 2,4 faizi Mil-Muğan (0,7 faiz çox) iqtisadi rayonlarının, 2,3 faizi Naxçıvan Muxtar Respublikasının (3,5 faiz çox), 1,7 faizi Dağlıq Şirvan (2,4 faiz çox), 0,4 faizi Şərqi Zəngəzur (3,8 faiz çox) iqtisadi rayonlarının təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.
2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin 0,38 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektron pərakəndə ticarət dövriyyəsi real ifadədə 66,9 faiz artaraq 133 milyon manat təşkil edib.