REGİONLAR
“Torpağı Vətən edənlər” layihəsi çərçivəsində şəhid Ruslan Şahbazovun ailəsi ilə görüş keçirilib
Tərtər, 9 iyun, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin “Torpağı Vətən edənlər” layihəsi çərçivəsində şəhid Şahbazov Ruslan Mahir oğlunun ailəsi ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəsi Ceyhun İsmayılzadə görüşdə 2021-ci ildən start götürən layihə barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində artıq altıncı şəhid ailəsi ilə görüş keçirilir. C.İsmayılzadə qeyd edib ki, şəhid Ruslan Şahbazovun xatirəsinin əbədiləşdirilməsi üçün Tərtər rayon Mədəniyyət Mərkəzinin Ələsgərli kənd klubunda guşə hazırlanıb.
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə qeyd edib ki, şəhid ailələri ilə görüşlərin keçirilməsi təkcə vəzifə borcu deyil. Bu, qəlbdən gələn hissdir. Elə insanlar var ki, onlar Vətən, millət, dövlət üçün doğulurlar. Şəhid Ruslan Şahbazov belə oğullardandır.
Diqqətə çatdırılıb ki, şəhid Ruslan Şahbazovun adı Ələsgərli kənd məktəbində və Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə siniflərə verilib.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova şəhid Ruslan Şahbazovun vətənpərvərliyindən bəhs edib.
Sonda şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.