ELM VƏ TƏHSİL
Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir!
Oktyabrın 31-də Bakı Slavyan Universitetində (BSU) Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı, təyyarəçi Əsəd Əsədovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimi BSU-nun rektoru, professor Asif Hacıyev açaraq, Vətən yolunda canından keçən Milli Qəhrəmanın şücaətindən qürur hissi ilə danışıb. Bildirib ki, 1992-ci ildə Xocalıda mənfur ermənilər tərəfindən törədilmiş qanlı hadisələr zamanı mərdlik göstərən şəhid təyyarəçi Əsəd Əsədov 1993-cü il oktyabrın 29-da Zəngilanın işğalı zamanı şəhid olaraq Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Respublika Milli Qəhrəmanlar Birliyinin idarə heyətinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman İlqar İsmayılovun qardaşı İlham İsmayılov, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov çıxışlarında şəhid Əsəd Əsədovun Vətən yolunda göstərdiyi qəhrəmanlığından söhbət açıblar.
Şəhidin ailə üzvləri və qohumları mərasimi təşkil etdiyinə görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.