DÜNYA
“Toshiba” şirkəti yarımkeçiricilər biznesini satmaq üçün ABŞ şirkətləri ilə danışıqlar aparır
Tokio, 10 iyun, AZƏRTAC
Yaponiyanın maliyyə problemləri ilə qarşılaşmış “Toshiba” elektron məhsullar istehsalı şirkəti özünün yarımkeçiricilər biznesini satmaq üçün ABŞ şirkətləri ilə yekun danışıqlara başlayıb.
“Toshiba” iyunun sonunadək alıcı şirkəti müəyyənləşdirəcəyinə ümid edir. Həmin sövdələşmədən əldə olunan gəlir ilə şirkət ABŞ-dakı atom biznesində yol verdiyi itkiləri bərpa edəcəyinə inanır. Həmin itkilərin milyardlarla dollar təşkil etdiyi bildirilir.
“Toshiba”nın prezidenti şirkətin ABŞ tərəfdarı “Western Digital”ın rəhbəri ilə iyunun 9-da Tokioda bir araya gələrək bu alqı-satqı ilə bağlı fikir ayrılığını aradan qaldırmağa çalışıb.
NHK telekanalının etibarlı mənbələrə istinadla verdiyi məlumata görə, görüşdə Amerika tərəfi alıcı şirkətin əldə etmək istədiyi Yapon-Amerika konsorsimunun nəzarət paketindəki payından imtina edərək, aza razı olduğunu bildirib. “Toshiba” həmin təklifə münasibətini hələlik açıqlamayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio