DÜNYA
“Total” şirkəti İranı tərk etmək məcburiyyətində qalıb
Tehran, 12 iyul, AZƏRTAC
ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi ilə əlaqədar Fransanın “Total” neft şirkəti layihələrini yarımçıq qoyaraq bu ölkəni tərk etmək məcburiyyətində qalıb.
“Mehr” agentliyinə müsahibə verən şirkətin baş direktoru Patrik Puyanne bildirib ki, ABŞ-ın maliyyə sistemi olmadan nəinki İranda, dünyanın 130 ölkəsində işləmək mümkün deyil. “Total”ın ABŞ-ın maliyyə sistemi ilə sıx əlaqədar olduğunu deyən P.Puyanne rəsmi Vaşinqtonun qərarına tabe olmaq məcburiyyətində qaldıqlarını etiraf edib. O deyib ki, şirkət “Cənub Pars” yatağından qaz hasil etmək niyyətində idi. Lakin layihə yarımçıq qaldı və şirkətə 40 milyon dollar zərər dəydi.
Baş direktor imkan yaranan kimi İranda başladıqları işi davam etdirmək istəyində olduğunu bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran