İQTİSADİYYAT
“Total” şirkətinin baş vitse-prezidenti İqtisadiyyat və Sənaye Nazirliyində olub
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın “Total” şirkətinin Avropa və Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti Maykl Borrell ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurlu fəaliyyətini qeyd edən nazir tikinti, infrastruktur, təhsil və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Bildirilib ki, tarixən, xüsusilə də sovet dövründə neft və s. tullantılarla çirklənmiş Böyükşor gölünün bərpası və ekoloji vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilir.
“Total” şirkətinin baş vitse-prezidenti Maykl Borrell ölkəmizə səfərindən məmnunluğunu bildirib, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat edib. Qeyd edilib ki, şirkət dünyanın 130-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir və bir sıra layihələrin icrasında iştirak edir.
Söhbət zamanı “Total” şirkətinin Azərbaycandakı fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.