REGİONLAR
Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi uğurla davam etdirilir
Tovuz, 21 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə otuz iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
Artıq xeyli vaxtdır ki, yolun tikintisinə başlanılıb.
Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Rəşid Həsənov AZƏRTAC-a bildirib ki, uzunluğu 33,8 kilometr olan yolun 19 kilometrində hamarlama işləri başa çatdırılıb, 15 kilometrində isə əsaslı tikinti işləri görülüb.
Bundan əlavə, 5 yerdə su keçidləri tikilib və yolun 3,5 kilometrinə birinci qat asfalt döşənib.
Gələn il yolun tam istifadəyə verilməsi planlaşdırılıb.