REGİONLAR
Tovuz və ətraf rayonlardan olan 63 sahibkara 4,5 milyon manat güzəştli kredit verilib VİDEO
Tovuz, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Tovuz rayonunun Qovlar şəhərində keçirib.
AZƏRTAC xəbər verir ki, forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatın verilməsi, Tovuzda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdimatı, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Tovuz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer təsərrüfatının, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu, istixana və intensiv üzümçülük təsərrüfatlarının, meyvəqurutma, şirniyyat məhsulları, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Forumda kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 4500-ə yaxın sahibkara 170,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bildirilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5640-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 210,3 milyon manatdan çox güzəştli kredit ayrılıb. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iribuynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Tovuz və ətraf rayonlardan olan 63 sahibkara 4,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən taxılçılıq, heyvandarlıq, arıçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrinin, süfrə suları və meyvə şirələri, tamet istehsalının inkişafına, ixtisaslaşdırılmış “yaşıl market”in tikintisinə yönəldiləcək.
Forum çərçivəsində Tovuz rayonunda güzəştli kredit ayrılmış logistik mərkəzə və üzümçülük təsərrüfatına baxış keçirilib.