SİYASƏT
Tovuzda ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur
Tovuz, 21 noyabr (AZƏRTAC). Tovuz rayonunda 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon məhkəməsinin, prokurorluğun, qeydiyyat şöbəsinin və notariat kontorunun kollektivləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Əlamətdar günə həsr olunmuş yığıncaqda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, rayon məhkəməsinin sədri Könül Məmmədov və başqaları peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanları işçilərini təbrik etmişlər.
Çıxışlarda Azərbaycanın ədliyyə və məhkəmə sisteminin tarixindən, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından danışılmış, ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunmuşdur.
Sonra tədbir iştirakçıları Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində olmuş, burada ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərlə və digər materiallarla tanış olmuşlar.