REGİONLAR
Tovuzda ictimai iştirakçılığın təbliği məqsədi ilə məlumatlandırma sessiyası təşkil olunub
Tovuz, 27 oktyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi tərəfindən oktyabrın 27-də Tovuzda məlumatlandırma sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, məlumatlandırma sessiyasında rayon icra hakimiyyətinin məsul işçisi Bəhruzər Rüstəmov, layihənin rəhbəri Fuad Bədəlov, təlimçi Məhərrəm Göyüşoğlu və ekspert Rafiq Muradov çıxış ediblər.
Çıxışlarda ictimai iştirakçılıq, ictimai şuraların hüquqları və onları fəaliyyəti, ictimai şuraların təşkili, ictimai iştirakçılığın Azərbaycan modeli, mövcud təcrübə, yeni yanaşma mövzularında ətraflı məlumat verilib.
Məlumatlandırma sessiyasında yerli icra strukturlarının, bələdiyyələrin, həmkarlar təşkilatlarının, QHT-lərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi arasında “Regionlarda ictimai iştirakçılığın təbliği məqsədi ilə yerli icra strukturları-QHT-bələdiyyə əməkdaşlığının gücləndirilməsi” layihəsinin icrası ilə bağlı müqavilə imzalanıb.
Layihənin məqsədi Azərbaycanın qərb regionunda (Şəmkir, Gədəbəy, Tovuz, Qazax, Ağstafa) ictimai iştirakçılıq haqqında QHT-bələdiyyə-yerli icra strukturları və ictimaiyyət nümayəndələri arasında maarifləndirmə işləri aparmaqdır. Eyni zamanda, ictimai iştirakçılıq yönümündə geniş məlumatlandırmalar həyata keçirmək, bələdiyyələr və yerli icra strukturlarında ictimai şuraların yaradılmasına nail olmaqdır.