REGİONLAR
Tovuzda mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Tovuz, 1 yanvar, Famil Quliyev, AZƏRTAC
Tovuz rayonunda heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanır. Son illər rayonda istər iribuynuzlu mal-qaranın, istərsə də qoyun və keçilərin sayında dinamik artım müşahidə olunur. Qışlama dövründə heyvanlar arasında yarana biləcək xəstəlikləri vaxtında aşkarlamaq üçün rayon baytarlıq idarəsində növbətçilik rejimində çalışacaq epizootik qrup yaradılıb.
Cari ildə epizootik plana əsasən, baytarlıq tədbirləri tam başa çatdırılıb. Profilaktik tədbirlər nəticəsində rayon ərazisində hər hansı infeksion xəstəlik qeydə alınmayıb. Tovuz rayonunda 45 min baş iribuynuzlu, 230 min başadək xırdabuynuzlu heyvanın sağlamlığı istiqamətində baytarlıq idarəsi tərəfindən tədbirlər görülür.
Fermer Yunis Tanrıverdiyev AZƏRTAC-a bildirib ki, respublikamızda kənd təsərrüfatınin inkişafı istiqamətində görülən işlər rayonlarda da bu sahəyə müsbət töhfə verir. Tovuzda mal-qaranın cins tərkibini yaxşılaşdırmaqla yüksək məhsuldar heyvanlar əldə edilir. Rayonda 491 baş iribuynuzlu heyvan süni mayalandırılıb ki, bu da cins tərkibin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır.
Bundan əlavə, “Aqrolizinq” vasitəsilə rayona 260-dan çox ətlik və südlük cins iribuynuzlu gətirilib ki, onlardan alınan törəmələr də heyvandarlığın inkişafına töhfə verir. Hazırda mal-qaranın 20-25 faizi cinsləşdirilib.
Tovuz Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov deyib ki, qışlama dövrünün başlaması ilə əlaqədar rayonda heyvanlara gündəlik baytarlıq tədbirləri göstərmək üçün sahə baytar həkimlərinə və feldşerlərə xüsusi göstərişlər verilib. Hər hansı çağırış olarsa, dərhal xidmət göstəriləcək.