SİYASƏT
Tovuzda Milli Dirçəliş Günü qeyd edilmişdir
Tovuz, 17 noyabr (AZƏRTAC). 17 noyabr-Milli Dirçəliş Günü münasibətilə Tovuz rayonunda tədbir keçirilmişdir.
Tədbirdə dövlət müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sosial-iqtisadi inkişafdan danışılmışdır.
Çıxış edənlər bildirmişlər ki, 1988-ci ildə - xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilməmişlər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu insanların siyasi səbatsızlığı üzündən 20 Yanvar faciəsi baş vermişdir. Hakimiyyətdə bir-birini əvəzləyən o vaxtki qüvvələr xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Məhz o ağır zamanda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymamışdır.
Bildirilmişdir ki, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilmişdir. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırmışdır. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulmuşdur.