REGİONLAR
Tovuzda suvarma sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir
Tovuz, 19 avqust (AZƏRTAC). Tovuz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Tovuzçay su anbarının tikintisində işlər davam etdirilir. Anbardan Sağ Sahil Ağstafaçay kanalını qidalandırmaq üçün uzunluğu 7 kilometr olan polad su kəmərinin çəkilişi başa çatdırılmışdır. Ağdağ ərazisinin fasiləsiz suvarma suyu ilə təmin etmək üçün Tovuzçay su anbarı üzərində nasos stansiyası quraşdırılır. Arx və su kanalları lildən təmizlənmiş, həmin arx və kanalların üzərindəki 120 ədəd hidrotexniki qurğu, 15 hidrotexniki post, 5 elektrik mühərriki, 7 nasos aqreqatı, 14 ədəd maşın və mexanizm təmir olunmuşdur. Üç pilləli nasos stansiyasında da təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Rayonun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində uzunluğu 1,5 km yeni su boru xəttinin çəkilişi davam etdirilir.
Cari ilin birinci yarısında əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün 98 subartezian quyusunda əsaslı, 45 subartezian quyusunda cari təmir işləri aparılmışdır.
Bundan başqa, 1 ədəd güc transformatoru təmir olunmuş, quyulardan sökülmüş və təmirə yaramayan 25 nasos yenisi ilə əvəzlənmişdir.