İQTİSADİYYAT
TPAO-nun texniki direktoru: Biz Azərbaycanın etibarlı və daimi tərəfdaşıyıq
Bakı, 9 iyun (AZƏRTAC). Türkiyənin TPAO milli neft şirkəti neft sənayesi üzrə irimiqyaslı xarici istehsal sahəsində ixtisaslaşır. Şirkətin ən böyük xarici filiallarından biri Azərbaycanda yerləşir və burada biz “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Alov” layihələrində ortaq qismində iştirak edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası sərgisində iştirak edən “Türkiyə Petrolleri Anonim Ortaqlığı” (TPAO) şirkətinin texniki direktoru G.Aydınoğlu demişdir.
Biz, həmçinin Azərbaycan iqtisadiyyatına irihəcmli sərmayə qoyan şirkətlərdən biriyik və buna görə də, bu tədbirdə iştirakımız əvvəlcədən planlaşdırılmışdır. Nailiyyətlərimizi “Xəzər neft-qaz” sərgisində nümayiş etdirməklə ziyarətçilər, müştərilər və tərəfdaşların diqqətini bir daha bu sektorun əhəmiyyətli nəqliyyat layihələrinə yönəltməyə çalışırıq. Bu, TPAO şirkətinin fəallıq göstərdiyi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləridir. Avropa İttifaqının prioritet enerji layihələrindən biri sayılan “Cənub dəhlizi” üçün mühüm əhəmiyyət kəsb edən bu boru kəmərləri Azərbaycanda hasil edilən neftin və qazın Avropaya nəqli baxımından əsas marşrutlardır.
Türkiyə Azərbaycanın Avropa üçün yalnız təchizatçı deyil, həm də tranzit ölkə olmaq istiqamətində göstərdiyi səyləri də dəstəkləyir. Biz Azərbaycanın daimi və etibarlı tərəfdaşıyıq. Bu sərgi bizim hər bir müsbət ideyamızı dəstəkləyir və bu ideyaları minlərlə əlaqədar mütəxəssis və potensial sərmayədarların diqqətinə çatdırmağa kömək edir.