ELM VƏ TƏHSİL
TQDK tərəfindən 2012/2013-cü tədris ili üçün buraxılış imtahanlarına hazırlıq prosesi davam etdirilir
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli Fərmanına əsasən respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Komissiya tərəfindən “Şagird - məzun elektron məlumat bazası” istifadəyə verilmişdir. Bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur. Sistemdən rayon (şəhər) təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər.
Buraxılış sinfi şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaqla məhdudlaşır. Şagirdlər sistemə şagird kodlarını müvafiq sahəyə yazmaqla daxil olacaqlar. Bu zaman ona aid məlumatda yanlışlıq aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə həmin səhv barədə məlumat verməlidir.
“Şagird-məzun elektron məlumat bazası”na təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər.
Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin (növbəti mərhələlərdə həm də təkrar və eksternat qaydada imtahan vermək istəyən şagirdlərin) qeydiyyatını aparmaq, bütün məlumatlar daxil edildikdən sonra onları təsdiq etməkdən ibarətdir. Məlumatı sistemdə olmayan və ya təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcəklər və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar.
Rayon (şəhər) təhsil şöbələri sistemə TQDK tərəfindən onlara təqdim olunmuş istifadəçi adı və parolu yazmaqla daxil olurlar.
TQDK əməkdaşları tərəfindən buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “2012/2013-cü tədris ili üçün “Şagird-məzun bazası”na daxil edilməsi üçün ötən ilin dekabrında respublikanın şəhər və rayonlarında məsul şəxslərlə seminar-məşğələlər aparılmışdır.
Artıq respublika üzrə 77 min 237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən bazaya daxil edilmişdir.
Bu prosesin bu ay ərzində başa çatdırılması nəzərdə tutulur.