İQTİSADİYYAT
“TransAnadolu” qaz boru xətti layihəsi haqqında bəyanat Türkiyə mətbuatında böyük əks-səda doğurmuşdur
Bakı, 18 noyabr (AZƏRTAC). ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin Atlantik Şurası tərəfindən ənənəvi olaraq keçirilən Qara dəniz İqtisadiyyat və Enerji Forumunun 3-cü iclasında çıxışı və “TransAnadolu” qaz boru xəttinin inşası ilə bağlı fikirləri Türkiyə mətbuatında geniş rezonansa səbəb olmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin bir çox informasiya agentlikləri, internet portalları, “Axşam” , “Hürriyyət” , “Yeni Şəfəq” , “Dünya” qəzetləri bu məsələyə geniş yer ayırmışdır. “Axşam” qəzetində dərc edilmiş “6 milyard dollarlıq TransAnadolu boru xətti “Nabukko”ya rəqib olacaq” sərlövhəli məqalədə qeyd olunur ki, Azərbaycanın müxtəlif yataqlarından hasil ediləcək qazın Türkiyə ərazisi ilə nəql olunması üçün yeni qaz kəmərinin tikilməsi haqqında anlaşma - iki qardaş dövlətin növbəti uğurudur. Qəzet yazır ki, Anadolunun şərq sərhədindən qərb sərhədinədək uzanacaq yeni tranzit qaz boru xətti Azərbaycan qazının Türkiyə və Avropaya çıxışına zəmin yaratmış olur. “Hürriyyət” qəzetində çap edilmiş “Yıldızdan TransAnadolu açıqlaması” yazısında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın bu layihəyə dair fikirləri şərh olunur. Türkiyəli nazir ARDNŞ ilə birlikdə gerçəkləşdiriləcək “TransAnadolu” qaz boru təttini “Nabukko”, Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) və Transadriatik qaz kəməri (TAP) kimi layihələrin həyata keçirilməsini və investisiya xərclərini asanlaşdıracaq bir layihə kimi səciyyələndirmişdir. Onun fikrincə, “TransAnadolu” xəttinin inşa olunması resurs problemi olan həmin layihələr üzrə qərar qəbul edilməsi mexanizmini sadələşdirəcəkdir. Taner Yıldız Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını nəzərdə tutaraq bildirmişdir ki, istənilən halda “Şahdəniz” qazı Qərbə çatacaqdır. Qarşıdakı aylarda “TransAnadolu” qaz boru xətti layihəsinin detalları üzərində ARDNŞ ilə çalışacaqlarını söyləyən nazir bu əməkdaşlığın uğurla nəticələnəcəyinə inamını ifadə etmişdir. Türkiyənin əksər internet portallarında “TransAnadolu” boru xətti gəlir”, “TransAnadolu” qaz boru xətti projesinin çalışmalarına başlandı” başlıqlı yazılarda ARDNŞ-in prezidenti R.Abdullayevin Azərbaycanın müxtəlif yataqlarından hasil olunacaq qazın Türkiyə ərazisi ilə nəql edilməsi məqsədi daşıyan yeni qaz kəmərinin inşa olunacağı haqqında fikirləri geniş əksini tapmışdır. Yazılarda qeyd olunmuşdur ki, yeni qaz kəməri iddialı, lakin alternativsiz bir layihədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edəcəkdir. Türkiyə mətbuatı bu layihənin də Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi, qardaş ölkələrin bölgədəki önəmini daha da artıracağını vurğulamışdır.