DÜNYA
TULON ŞƏHƏRİNDƏ KONFRANS
Martın 28- də Fransanın Tulon şəhərində Tulon-Var Universiteti və CİFAL şirkətlər qrupu “Avropa və MDB ölkələri arasında iqtisadi və ticarət əlaqələri” mövzusunda konfrans keçirmişdir.
Konfransda Tulon-Var Universiteti rəhbərliyinin nümayəndələri, müəllimlər, iqtisadiyyat fakultəsinin tələbələri, Fransa işgüzar dairələrinin nümayəndələri, o cümlədən, Var regionunun, Marcel şəhərinin iş adamları, Paris universitetlərinin tədqiqatçı alimləri, politoloqlar, Rusiya, Azərbaycan, Özbəkistan və Qazaxıstanın Fransadakı diplomatik missiyalarının nümayəndələri iştirak etmişlər.
Respublikamızın Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri İsrafil Əhmədov “Azərbaycan Cənubi Qafqazın qabaqcıl ölkəsidir” mövzusunda məruzə etmişdir. O, SSRİ dağıldıqdan sonra ölkəmizin qarşılaşdığı problemlərdən danışmış, respublika rəhbərliyinin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində siyasi sabitlik və iqtisadi dirçəliş əldə olunduğunu vurğulamışdır. Müşavir Avropa Birliyi ölkələri və dünyanın digər dövlətləri ilə Azərbaycanın əməkdaşlığından, o cümlədən TRASEKA proqramında iştirakından, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasından, Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açmış, xəritələr və digər sənədlər nümayiş etdirmişdir. Konfrans iştirakçıları Azərbaycana böyük maraq göstərmiş, onların çoxsaylı suallarına ətraflı cavablar verilmişdir.
Fransa işgüzar dairələri nümayəndələrinin və müstəqil ekspertlərin çıxışlarında ölkəmizin neft və qazla zənginliyi və Azərbaycanın “regionun çox irəli getmiş ölkəsi” olması tez-tez xatırlanmışdır.
Azərbaycan xalqının tarix boyu qarşılaşdığı fəlakətlərə bir daha diqqəti cəlb etmək məqsədi ilə, 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bir sıra materiallar yayılmışdır. Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycana qarşı soyqırım gerçəklikləri” kitabı, habelə “Elan edilməmiş müharibə”, “Xocalının son günü”, “Ermənistan respublikası: terrorizm dövlət siyasətinin tərkib hissəsidir” və T.Draqadzenin “Azərbaycan” kitabları Tulon-Var Universitetinin kitabxanasına verilmək üçün konfransın təşkilatçılarına da təqdim edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris-Tulon-Paris