REGİONLAR
Tur-aksiya çərçivəsində şagirdlərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb
Xaçmaz, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 20-də Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı, Şəki, İsmayıllı, Qəbələ, Oğuz rayonlarını və Mingəçevir şəhərini təmsil edən ümumtəhsil məktəblərinin “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, ekskursiyanın son günü 400 nəfər yuxarı sinif şagirdi Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olub. Tur-aksiya iştirakçılarını Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar. Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Həmçinin parklar və muzeylər şəhəri adlandırılan Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Qonaqlar şəhərdə yeni inşa edilən Heydər Əliyev Mərkəzində də olublar. Şagirdlərin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin yeni binasının açılış mərasimi Prezident İlham Əliyevin bu ilin sentyabr ayında Xaçmaza səfəri çərçivəsində keçirilib. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada ulu öndər Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.
Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.
Meydan və Çənlibel parkında gəzintidən sonra şagirdlər ekskursiyanı başa vuraraq öz rayonlarına yola düşüblər.