ELM VƏ TƏHSİL
Turizm Universitetinin tələbələri Misirdə bir semestrlik istehsalat təcrübəsi keçə bilərlər
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup tələbə və əməkdaşı Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində tanışlıq turunda olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Mərkəzin müdiri Əhməd Sami Elaydi tələbələrə Misirin zəngin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verib. Əhməd Sami Elaydi tur iştirakçılarına Azərbaycan-Misir dostluq əlaqələrinin, o cümlədən icra olunan və gələcəkdə həyata keçiriləcək birgə layihələrin hər iki ölkə üçün əhəmiyyətli olduğunu deyib.
Maraqlı müzakirə şəraitində keçən görüşdə ərəb dili ilə maraqlanan tələbələr üçün ödənişsiz kursların təşkil olunması, kitabxananın qiymətli resurslarından istifadə imkanları, Misirin müxtəlif kurort şəhərlərində bir semestrlik istehsalat təcrübəsinin, o cümlədən birgə layihələrin təşkili və icra olunması məsələlərinə münasibət bildirilib. Tələbələrin Azərbaycan və Misir arasındakı əlaqələri ilə bağlı sualları cavablandırılıb.