TÜRK DİLİNİ TƏMİZLƏMƏYƏ BAŞLAYIRLAR
Professor bir dəfə Adananın küçələrində gəzişərkən yolunu müştərilərə “Adana kababı” təklif edən kiçik bir restorana salır. Restoranın qarşısındakı lövhədə “türkcə-ingiliscə” yazılmış “Layt kabab” sözləri onun nəzərindən qaçmır. (“Layt” ingiliscə “yüngül” deməkdir). O, restoranın sahibi ilə söhbətdə deyir ki, “bu cür ad təkcə türk dilinə deyil, ənənəvi “Adana kababı”na da ziyan vurur. Akalın deyir: “Mən bu şəhərdə doğulub böyümüşəm və zənnimcə, “layt” sözü “Adana kababı”na yamaq kimi bir şeydir. Axı, bu kabab çoxlu yağ və tünd ədviyyat qatılmaqla piyli qiymədən bişirilir. Odur ki, belə yeməyi “yüngül” adlandırmaq olmaz”.
TDQ başçısının fikrincə, əgər “layt” dedikdə, kababın yağ qatılmadan hazırlanması nəzərdə tutulursa, onda burada söhbət həm kulinariya, həm də dil ənənələrinin pozulmasından gedir.
Restoran sahibi deyir ki, “hamı spirtli içkilərə, yoğurta, südə mütləq bir “layt” sözü də yapışdırır. Odur ki, mən də öz müəssisəmin adında bu sözdən istifadə etməyi qərara aldım”.
Akalın demişdir: “Biz Türkiyədə yaşayırıq, amma “nədənsə” çox güclü xarici təsir altına düşmüşük. TDQ bu təzahürə qarşı bələdiyyələrlə birlikdə mübarizə aparır. Hazırda parlamentin göstərişi ilə 50 bələdiyyə dairəsində ictimai yerlərin adlarında əcnəbi sözlərdən və hərf birləşmələrindən istifadə etmək qadağan olunmuşdur. Onlardan istifadə üçün icazə almaq qətiyyən mümkün deyildir”.
Dilin qorunması üçün xüsusi olaraq ötən ilin axırlarında yaradılan TDQ türk dilində iqtisadi və işgüzar mövzularda türklərin hələ də başa düşə bilmədikləri əcnəbi söz və ifadələrin geniş yayılmasına qarşı mübarizə üçün kampaniyaya başlamışdır. TDQ Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra, XX əsrin birinci yarısında görülmüş tədbirlər kimi işlər görülməsini və bütün əcnəbi sözlərin türk sözləri ilə əvəzlənməsini təklif etmişdir. Cəmiyyətin yaratdığı xüsusi işçi qrup 2 minədək terminə qiymət verilməsi ilə məşğuldur. Bundan sonra o, öz variantlarını təklif edəcək və səsə qoyulmaq üçün onları TDQ-nin saytında yerləşdirəcəkdir.
Dilin mühafizəsi, təmizliyi, islahatı və müasir dünyanı əks etdirən yeni terminlər və anlayışlar hazırlanması ilə məşğul olan qurum kimi TDQ 1932-ci ildə Cümhuriyyətin birinci Prezidenti Mustafa Kamal Atatürkün göstərişi ilə yaradılmışdır.