MƏDƏNİYYƏT
Türk dünyası naşirləri və yazıçıları Əskişəhərdə görüşmüşlər
Bakı, 7 may (AZƏRTAC). Türkiyədə Avrasiya türk dünyası kitab sərgisi öz işini davam etdirir.
Sərgi Avrasiya Yazarlar Birliyi və “Azərbaycan Naşirlər və Poliqrafçılar” İctimai Birliyi tərəfindən təşkil olunmuşdur.
“Azərbaycan Naşirlər və Poliqrafçılar” İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, Əskişəhərin 2013-cü il üçün “Türk Dünyası Mədəniyyət Paytaxtı” seçilməsi münasibətilə keçirilən tədbirlər çərçivəsində mayın 5-də şəhərin Vilayət Meydanında açılışı baş tutan sərgidə şəhər valisi Güngör Azim Tuna, Türkiyənin təhsil naziri Nəbi Avcı, Azərbaycanın Xalq Yazıçısı Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, “Azərbaycan Naşirlər və Poliqrafçılar” Birliyinin sədri Bəhruz Axundov, türk dünyasının tanınmış yazıçıları və digər ziyalılar iştirak etmişlər.
Yaqub Öməroğlu, Anar, Bəhruz Axundov, Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, türkiyəli naşir Süleyman Koca, eləcə də sərgiyə qatılan digər türkdilli xalqların nümayəndələri tədbirin əhəmiyyətin vurğulayaraq, sərginin qardaş xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsindəki rolundan danışmışlar. Bu kitab bayramının yazıçılar və naşirlərin qarşılıqlı iş birliyinə də öz töhfəsini verəcəyini bildirmişlər.
Yüzə yaxın stendin qurulduğu və mayın 10-dək davam edəcək sərgidə kitabsevərlər türkdilli xalq və toplumları təmsil edən naşirlərin nəşrləri, tanınmış yazarların əsərləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan əlavə, sərgidə müxtəlif dərgilər, türk sənət nümunələri, elmi-publisistik məzmunlu kitablar da nümayiş etdirilir.
Sərgidə, həmçinin tanınmış yazıçıların imza günləri də keçirilir, bir sıra yeni kitablar təqdim olunur.
Azərbaycan bu kitab bayramında 5 nəşriyyatla təmsil olunur. Naşirlərimiz tərəfindən təqdim edilən nəfis tərtibatlı kitablar iştirakçıların marağına səbəb olmuşdur. Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinə daxil olan yazarlarımız Anar, Aqil Abbas, İradə Tuncay, Rəşad Məcid, Pərvin və digərlərinin imza günləri də sərgiyə qatılanlarda maraq oyatmışdır.
Açıq havada baş tutan bu kitab bayramında bütün əskişəhərlilər, eləcə də şəhərin qonaqları böyük həvəslə iştirak edirlər.