SİYASƏT
TÜRK İŞ ADAMLARI TƏKCƏ QAZANCLARINI DEYİL, HƏM DƏ QARDAŞ AZƏRBAYCANA KÖMƏK ETMƏYİ FİKİRLƏŞMƏLİDİRLƏR
BU SÖZLƏR TÜRKİYƏNİN ƏMƏK VƏ SOSİAL TƏMİNAT NAZİRİNİN TUSİAB CƏMİYYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜNDƏ SƏSLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, TUSİAB-ın Bakıdakı ofisinin rəhbəri Həmid Bozqurd qonaqlara qurumun fəaliyyəti ilə bağlı məlumat vermişdir. O, demişdir ki, hazırda Azərbaycanda 1200-dən çox türk şirkəti qeydiyyatdan keçsə də, onlardan yalnız 500-ü fəaliyyət göstərir. Onlar da Azərbaycan iqtisadiyyatına 2 milyard dollara qədər sərmayə qoymuşlar.
“BARMEK–Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabul çıxışında bildirmişdir ki, rəhbərlik etdiyi qurum Azərbaycanın enerji sektorunun yenidən qurulması və inkişaf etdirilməsi məqsədi ilə xeyli iş görmüşdür. Ötən müddət ərzində şirkət Azərbaycanın dövlət büdcəsinə 100 milyard manatdan çox vəsait köçürmüşdür. Hazırda Elektrik Avadanlığı Emalı zavodunun tikintisi ilə bağlı danışıqlar gedir.
Azərsun holdinqin vitse-prezidenti Yunis Arifoğlu qurumun ölkəmizdəki tikinti, sənaye və digər sahələrə çoxlu sərmayə qoyduğunu və fəaliyyətin daha da genişləndirilməsi üçün görülən işlərdən danışmışdır. Digər türk iş adamları, şirkət rəhbərləri çıxışlarında onlar üçün yaradılmış şəraitdən razılıqlarını ifadə etməklə yanaşı, problemlərdən də danışmışlar.
Türkiyənin əmək və sosial təminat naziri Murat Başesgioğlu türk iş adamları qarşısında çıxış edərək demişdir ki, problemlərdən xəbəri vardır. Amma nəzərə alın ki, müstəqil Azərbaycan gənc dövlətdir və biz Türkiyə olaraq, türk iş adamı olaraq öz qardaşlarımıza köməyimizi etməliyik. Unutmaq olmaz ki, dünyanın digər ölkələrinin şirkətləri də Azərbaycanda çalışır və güclü rəqabət var. Amma biz çalışmalı, həm qazanmalı, həm də qardaşlarımıza kömək etməliyik. Azərbaycan hökuməti yaxın bir neçə il üçün 600 min yeni iş yerinin açılmasında israrlıdır. Bu, türk İş adamlarının da diqqətindən kənarda qalmamalıdır. Artıq Azərbaycanda çalışan türkiyəli iş adamlarının pensiya və digər sosial təminatları sahəsindəki problemlərin həlli ilə bağlı sənəd imzalamışıq. Digər çatışmazlıqlar da öz həllini tapacaqdır.
Sonra görüşdə digər məsələlərə də aydınlıq gətirilmişdir.