SİYASƏT
TÜRKİYƏ BMT TƏHLÜKƏSİZLİK ŞURASINA SƏDRLİK EDƏCƏKDİR
Bakı, 7 yanvar (AZƏRTAC). Türkiyə bu ilin sentyabrında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəkdir.
BMT-nin rəsmi saytında bildirilir ki, Türkiyənin prioritetləri sırasına qurumda islahatların aparılması, münaqişələrin qarşısının alınmasında səmərəliliyin artırılması, sülhməramlılıq, humanitar yardım, beynəlxalq terrorizmə, qanunsuz miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, insan hüquqları və digər məsələlər daxildir.
Türkiyə BMT TŞ-nin daha demokratik struktura çevrilməsini istəyir. BMT Baş Məclisinə gəlincə, rəsmi Ankara hesab edir ki, bu struktura etimadın artırılması üçün onun qətnamələrinin yerinə yetirilməsinə dair səmərəli mexanizm yaradılmalı və aktual problemlərə dair gündəlik müəyyənləşdirilməlidir.
Hazırda Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür.