DÜNYA
Türkiyə Fələstinin UNESCO-ya üzvlüyünü böyük məmnuniyyətlə qarşılamışdır
Ankara, 2 noyabr (AZƏRTAC). Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Fələstinin UNESCO-ya üzvlüyü Ankarada böyük məmnuniyyətlə qarşılanmışdır.
Türkiyə XİN-in bəyanatında deyilir: “Oktyabrın 31-də Parisdə keçirilmiş UNESCO-nun baş konfransında böyük səs çoxluğu ilə Fələstinin təşkilatın 195-ci üzvü olması əlamətdar bir hadisədir. Fələstin xalqını təmsil edən dövlətin tanınması beynəlxalq içtimaiyyət üçün bir vicdan borcudur. UNESCO-nun tamhüquqlu üzvü olmaqla, Fələstin xalqı bu istiqamətdə mühüm bir məsafə qət etmişdir. Bu üzvlük, ölkənin cari ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatına dövlətin tanınmasına dair müraciətinə baxan BMT Təhlükəsizlik Şurasının üzvləri üçün də anlamlı bir hadisədir. Türkiyə, başda BMT Təhlükəsizlik Şurasının üzvləri olmaqla bütün dövlətləri bunu nəzərə alaraq hərəkət etməyə çağırır”.
Bəyanatda o da qeyd olunur ki, Türkiyə regionda ədalətli, daimi və geniş həcmli sülhün bərqərar olması baxımından Fələstinin UNESCO-ya üzv qəbul olunmasının mühüm bir töhfə olacağına inanır və sülh danışıqlarının iki dövlət təməlində davam etdirilməsini dəstəkləyir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara