SİYASƏT
Türkiyə ictimaiyyəti Prezident İlham Əliyevin Praqa Sammitindəki çıxışının xoş təəssüratını böyük coşqu ilə bölüşməkdədir
İstanbul, 28 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Serj Sarkisyanı ifşa etməsi Türkiyədə böyük sevgi ilə qarşılanmışdır.
Ölkənin nüfuzlu KİV-ləri Prezident İlham Əliyevin çıxışını türk, ingilis, rus, ərəb və başqa dillərdə yaymaqda davam edir. İctimaiyyət nümayəndələri dövlətimizin başçısının çıxışının xoş təəssüratını böyük coşqu ilə bölüşməkdədirlər. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sosial şəbəkələrdə ən aktual mövzuya çevrilmişdir. Siyasi dairələr, redaksiyalar, elm və təhsil ocaqları ilə məhdudlaşmayan müzakirə çərçivəsi əhatə dairəsini sürətlə genişləndirməkdədir.
Azərbaycan Prezidentinin çıxışı təkcə İstanbuldakı Türkiyə - Azərbaycan Dərnəyinin saytında 160 minə yaxın istifadəçi tərəfindən oxunmuşdur.
Türkiyə ictimaiyyətinin bir neçə nümayəndəsinin məsələyə münasibətini təqdim edirik:
Nayan Aksılı - Prezident İlham Əliyev bu çıxışı ilə bir daha 100 ilə yaxın dövrdə bütün Türkiyəni caynağına alan bir dərdə şərik oldu. Mən bir vətəndaş olaraq qürur duydum ki, Türkiyə tək deyil. Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənədək işğalçı Ermənistanla hər hansı bir münasibət qurulmaması çox düzgün addımdır. Fürsətdən istifadə edərək cənab İlham Əliyevə “Var ol, yüz yaşa, Allah qorusun!” deyirəm.
Osman Ak - Azərbaycan dövlətinin başçısı Türkiyənin dövlətçilik tarixinə qızıl hərflərlə bir səhifə yazdı. Yüz ildir ki, dövlətimizi uydurma “erməni məsələsi” ilə məşğul ediblər. Türkiyə heç zaman bu qədər ciddi müdafiə olunmamışdı. Prezident İlham Əliyev bizi qətiyyətlə müdafiə etdi. Bu çıxış barədə məlumat alanda özümdən asılı olmayaraq, mərhum Prezident Heydər Əliyevin tarixi dəyər daşıyan “Bir millət, iki dövlət” ifadəsini xatırladım.
Nəcməddin Aksu - uydurma “erməni məsələsi” yaralı yerimizdir. Prezident İlham Əliyev bir daha bu məsələnin əsl mahiyyətini dünya birliyinin diqqətinə çatdırdı. Qarabağsız Azərbaycan, Azərbaycansız Türkiyə yoxdur. Var olsun Azərbaycan, var olsun İlham Əliyev!
Gülşən Artıc - mən cənab İlham Əliyevin Praqadakı çıxışı barədə fikirlərimi sosial şəbəkələrdə bölüşmüşəm. Prezident İlham Əliyev toxunduğu bütün məqamlarla hər bir türkə, hər bir müsəlmana qardaş olduğunu nümayiş etdirdi. Eyni zamanda, dünyadakı haqsızlıqlara bir etiraz mesajı ünvanladı. Azərbaycanla bir daha qürur duydum.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul