DÜNYA
Türkiyə İraq Kürdüstanında keçirilən referendumun istənilən nəticəsini qanunsuz sayacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
İraq Kürdüstanında keçirilən plebisitin nəticəsinin Ankara üçün heç bir qanuni qüvvəsi olmayacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, “referendumun keçirilməsi nəinki İraqda, həmçinin bütün regionda sülh və sabitliyi təhlükə altında qoyur”. Türkiyə “bir daha qeyd edir ki, milli təhlükəsizliyinə yönələn bütün təhdidlərə qarşı lazımi tədbirləri görəcək”.
Türkiyə hökuməti “Habur” sərhəd-keçid məntəqəsində əlavə təhlükəsizlik tədbirləri həyata keçirir. Gömrük və ticarət naziri Bülent Tüfenkçi Anadolu agentliyinə açıqlamasında bildirib ki, İraqdan gələnlərin sərhəddən keçidinə nəzarət gücləndirilib.
Qeyd edək ki, dünya ictimaiyyətinin və rəsmi Bağdadın etirazlarına baxmayaraq, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilir.