SİYASƏT
TÜRKİYƏ MƏTBUATI AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkiləri Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur.
Seçki günü və ondan sonrakı iki gün ərzində qardaş ölkənin elektron mediası Prezident İlham Əliyevin Azərbaycan xalqının böyük etimadını qazandığını əks etdirən süjetlər vermişlər. TRT, NTV, SkyTürk, HaberTürk, TGRT və digər kanallardakı xəbərlərdə Azərbaycanda seçkilərin demokratik və şəffaf keçdiyi vurğulanır.
Azərbaycanda prezident seçkilərinə Türkiyənin nüfuzlu qəzetlərində də geniş yer ayrılmışdır. Maraqlı yazılardan biri “Yeni çağ” qəzetində dərc edilmişdir. Yazıda Azərbaycan Prezidentinin xalqın etimadı ilə rəqiblərini böyük üstünlüklə geridə qoyduğu vurğulanır. “Axşam” qəzetinin “Azərilər yenidən İlham Əliyev dedi” başlıqlı yazısında da xalqımızın dövlət başçısına böyük inam bəslədiyi qeyd olunur. “Zaman”, “Yeni Şəfəq”, “Sabah” və digər qəzetlərdə türkiyəli müşahidəçilərin də yüksək qiymətləndirdikləri seçkilərdə İlham Əliyevin böyük zəfər qazandığı qeyd olunur, bu qələbənin qardaş Azərbaycan xalqına uğurlu olması diləkləri əks olunur. Xüsusi olaraq vurğulanır ki, bəzi qüvvələrin seçkilərdə iştirak etməmək çağırışlarına baxmayaraq, seçicilər məntəqələrə axın etmiş, səsvermədə fəal iştirak etmişlər.
Seçkilərin nəticələri və Azərbaycan Prezidentinin zəfəri Türkiyənin Anadolu, İhlas, Doğan xəbər agentliklərinin də diqqət mərkəzindədir.