CƏMİYYƏT
Türkiyə nümayəndə heyətinə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə ətraflı məlumat verilib
Bakı, 19 dekabr, AZƏRTAC
Bakıda təşkil olunan Türkiyə-Azərbaycan VIII dövr konsulluq məsləhətləşmələrində qardaş ölkəni təmsil edən nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində (DMX) görüş keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin rəisi Firudin Nəbiyev qardaş ölkələrimiz arasında mövcud münasibətlərdən bəhs edib. Tarixi köklərə söykənən bu münasibətlərin inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri xüsusi qeyd olunub.
F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.
Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıqdan söhbət açan Xidmət rəisi qardaş ölkə vətəndaşlarının respublikamızda tikinti, enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını, Azərbaycanda onların və ümumiyyətlə miqrantların hüquqlarının yüksək səviyyədə qorunduğuna diqqət çəkib. O, Azərbaycan vətəndaşlarının da qardaş ölkədə bu cür qayğı ilə əhatə olunduğuna əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri, Türkiyə Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəisi, səfir Mehmet Samsar görüşə görə minnətdarlığını bildirib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamını xatırladan qonaq son illərdə Azərbaycanın sürətli inkişafından söhbət açıb, Bakının sürətli inkişafının onda xoş təəssürat yaratdığını deyib.
Sonda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun iştirak edib.