SİYASƏT
TÜRKİYƏ PARLAMENTİNİN SƏDRİ TÜRKDİLLİ ÖLKƏLƏRİN SƏFİRLƏRİNƏ NAHAR VERMİŞDİR
Ankara, 28 oktyabr (AZƏRTAC). Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli Şahin türkdilli ölkələrin Ankaradakı səfirləri və Türkiyə parlamentindəki dostluq qruplarının sədrləri üçün nahar süfrəsi təşkil etmişdir.
Naharda Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun sədri Mustafa Kabakçı iştirak etmişlər.
TBMM-nin sədri parlamentdə 4-cü dəfə keçirilən bu görüşdə türkdilli ölkələr, o cümlədən qanunverici orqanlar arasında getdikcə möhkəmlənən dostluq əlaqələrindən məmnunluğunu ifadə etmişdir. Vurğulamışdır ki, türkdilli ölkələr yerləşdikləri Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasına böyük töhfələr verirlər. Son illər türk dünyası dövlətlərinin iqtisadi əlaqələri də sürətlə inkişaf edir. 2008-ci ildə Türkiyənin qardaş ölkələrlə ticarətinin həcmi 8 milyard dollara çatmışdır.
Məhmət Əli Şahin siyasi, iqtisadi və mədəniyyət sahələrində uğurlu əməkdaşlığın gələcəkdə də yüksək səviyyədə olacağına ümidvar olduğunu demişdir.
Səfirlər Türkiyənin dövlət bayramı - Cümhuriyyət Günü münasibətilə parlamentin sədrini təbrik etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
######