SİYASƏT
TÜRKİYƏ QURU QOŞUNLARI HƏRBİ MƏKTƏBİNİN AZƏRBAYCANLI MƏZUNLARINA DİPLOMLAR TƏQDİM OLUNMUŞDUR
Ankara, 31 avqust (AZƏRTAC). Ankarada Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin məzunlarına diplomların təqdim olunması mərasimi keçirilmişdir.
Bu il 160-cı mərasimdə məzun olan gənc leytenantlara diplomları Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri Məhmət Əli Şahin və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğ təqdim etmişlər.
Türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan olan 20 məzuna diplomları səfirliklərin hərbi attaşeləri təqdim etmişlər. Ölkəmizdən olan gənc zabitlərin 7-si qızdır.
Sonra 726 məzun hərbi marşın sədaları altında fəxri tribunanın önündən keçmişlər.
Quru Qoşunlartı Hərbi Məktəbinin rəhbəri, general Kənan Hüsnüoğlu qardaş türk dövlətlərindən məzun olanlara öz ölkələrində Vətən qarşısında xidmətlərində müvəffəqiyyətlər arzulamışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara