CƏMİYYƏT
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi Gəncədə “Hüquqlarımızı bilək və öyrədək” adlı maarifləndirici tədbir keçirmişdir
Gəncə, 25 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Türkiyə Universitetləri Məzunları İctimai Birliyi Gəncədə “Hüquqlarımızı bilək və öyrədək” adlı maarifləndirici tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə Dövlət Universitetində təşkil edilən tədbirdə birliyin sədri Çingiz Bayramov insan hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, bütün insanların hüquq və azadlıqları dinindən, dilindən və cinsindən, irqindən, siyasi baxışından, ailə vəziyyətindən asılı olmayaraq hər kəsə məxsusdur. Heç kəs bu hüquqlardan məhrum edilə bilməz və bu hüquqlar eyni qaydada qorunmalıdır. İnsan və vətəndaş hüquqları haqqında bəyannamənin ən mühüm xüsusiyyətləri onun universal xarakter daşımasıdır. Yəni o, bütün bəşər övladlarının təbii hüquqlarını bəyan edir.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılmışdır. Çıxış edən müəllim və tələbələr fikirlərini səsləndirmiş, hər bir Azərbaycan vətəndaşının insan hüquq və azadlıqlarının öyrənilməsində və qorunmasında qarşıda duran vəzifələrdən danışmışlar.