DÜNYA
Türkiyədə hüquq mühafizə orqanlarında genişmiqyaslı kadr dəyişiklikləri davam edir
İstanbul, 8 yanvar (AZƏRTAC). Türkiyə ictimaiyyətində geniş əks-səda doğuran korrupsiya və rüşvət əməliyyatından sonra polis və prokurorluqda geniş kadr islahatları aparılır.
Hakim və Prokurorlar Ali Şurasının qərarı ilə əməliyyata və iki nazirin oğlunun həbsinə sanksiya verən İstanbul prokurorunun müavini Zəkəriyyə Öz vəzifəsindən azad edilərək Bakırköy rayonu prokurorunun köməkçisi təyin edilmişdir. Türkiyə tarixində ilk dəfə olaraq yeni təyin olunmuş İstanbul polisinin rəisi Səlami Altınokla bağlı xidməti təhqiqat aparılacaqdır. Daha 7 prokurorluq əməkdaşı haqqında da araşdırma aparılacaqdır. Bundan başqa, Türkiyənin paytaxtı Ankara da daxil olmaqla 18 vilayətin polis rəisi vəzifəsindən uzaqlaşdırılmışdır.
Türkiyə Vəkillər Kollegiyasının təklifi ilə ədliyyə naziri Bəkir Bozdağla keçirilən görüşdə isə məşhur “Ergenekon” və “Balyoz” cinayət işlərinə yenidən baxılması müzakirə olunur. Bu məhkəmə proseslərində həbs edilmiş bir çox generalların da azadlığa çıxacağı istisna olunmur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul