DÜNYA
Türkiyədə sifətin köçürülməsi üzrə uğurlu əməliyyat aparılmışdır
Bakı, 23 yanvar (AZƏRTAC). Bu gün Türkiyədə sifətin bütünlüklə köçürülməsi üzrə ilk uğurlu plastik əməliyyat aparılmışdır.
Türkiyənin Si-en-en-türk televiziya kanalı xəbər vermişdir ki, Türkiyə cərrahları xəstələrindən birinə sifət, digərinə isə bir ayaq və iki qol transplantasiya etməklə çox nadir əməliyyat apara bilmişlər. Hər iki xəstənin donoru eyni adam olmuşdur.
Bu çox mürəkkəb əməliyyat Türkiyənin Antalya şəhərində yerləşən “Akdeniz” Universitetinin nəzdindəki xəstəxanada keçirilmişdir. Həmin xəstəxana nəinki Türkiyədə ən iri, həm də ən uğurlu transplantasiya mərkəzidir: burada həyata keçirilən cərrahiyyə əməliyyatlarının 80 faizi müvəffəqiyyətli olur.
Yzköçürmə əməliyyatı üzü yanğın nəticəsində tanınmaz hala düşmüş 19 yaşlı gənc üzərində aparılmış və 9 saat davam etmişdir. Hazırda əməliyyat başa çatmışdır və həkimlər hesab edirlər ki, əməliyyat tam müvəffəqiyyətlə keçmişdir. Düzdür, onlar hələ təminat vermirlər, çünki xəstəni qarşıda hələ çox mühüm mərhələ gözləyir, bu mərhələdə yad üz toxumaları yeni mühitə uyğunlaşmalıdır.
Bundan başqa, həmin donor, yəni qatarın altına düşərək həlak olmuş kişi, həm də başqa bir xəstəyə - Atilla Kavdıra gərək olmuşdur. 34 yaşlı xəstə bədbəxt hadisə nəticəsində hər iki qolundan və bir ayağından məhrum olmuşdur. Türkiyə cərrahları ümid edirlər ki, bu gün ona hər üç ətraf hissə köçürüləcəkdir. Bu çox mürəkkəb əməliyyat hələ də davam edir və mütəxəssislərin proqnozlarına görə, daha iki gün davam edəcəkdir.
Orqanların transplantasiyası sahəsində tanınmış mütəxəssis, “Akdeniz” Universitetinin tibb fakültəsinin professoru Ömər Özkan hesab edir ki, bu əməliyyat müvəffəqiyyətlə keçsə və toxumaların ayrılması baş verməsə, bu, sözsüz, transplantasiya cərrahiyyəsində yeni mərhələ olacaqdır. Bu günədək dünyada belə əməliyyatlar aparılmamışdır, hələ heç vaxt üç çox mühüm iri ətraf eyni zamanda köçürülməmişdir. Türkiyədə sifətin köçürülməsi əməliyyatlarını aparmaq cəhdləri olsa da, onların heç biri uğurla nəticələnməmişdir.