CƏMİYYƏT
Türkiyədən dəvət edilmiş peşəkar klinik-psixoloq və psixoterapevtlərin iştirakı ilə mətbuat konfransı keçirilir
Bakı, 26 avqust, AZƏRTAC
Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyədən dəvət edilmiş peşəkar klinik-psixoloq və psixoterapevtlərin iştirakı ilə avqustun 26-da mətbuat konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını FHN-in Tibb mərkəzinin rəisi Xanım Sofiyeva və Türkiyədən ölkəmizə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərdən ibarət nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş cavablandırır.
Qeyd edilib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.
Bunun davamı olaraq, bu il sentyabrın 5-dən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından yenidən 20 nəfərdən çox peşəkar psixoloq ölkəmizdə olacaq. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların səmərəli reabilitasiyasını həyata keçirəcəklər.
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin 112 - qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
FHN tərəfindən qazi və şəhid ailəsi üzvlərinə psixoloji yardım davam etdiriləcək.