QAN YADDAŞI
Türkiyəli müəllim: Kimin-kimə soyqırımı gerçəkləşdirdiyini görmək istəyən varsa, Qubadakı kütləvi məzarlığa baş çəksin VİDEO
Əskişəhər, 4 oktyabr, AZƏRTAC
Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir. Doğma yurdumuza səfərim zamanı böyük məmnuniyyətlə Quba soyqırımı məzarlığını ziyarət etdim, orada uyuyan şəhidlərimizə dualar etdim. Əsl soyqırımının necə olduğunu, kimin-kimə soyqırımı gerçəkləşdirdiyini görmək istəyən varsa, gəlib Qubadakı kütləvi məzarlığa baş çəksin. Buradakı dəhşətli mənzərə sanki dil açıb insanla danışmaq istəyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əskişəhər Müəllimlər Evinin müdiri Mehmet Ali Əryılmaz ifadə edib.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin əbədiyyətə qədər davam edəcəyinə əminliyini ifadə edən türkiyəli müəllim deyib ki, Qarabağ Zəfəri hər bir türk üçün qürur mənbəyidir. Ortaq mədəniyyətimiz, dil birliyimiz, tarixi dəyərlərimiz milli sərvət olaraq bizi birləşdirir. Hər birimiz bu birliyin qorunması üçün əlimizdən gələni etməliyik.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Əskişəhər