CƏMİYYƏT
Türkiyəli mütəxəssislərlə bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb
Bakı, 16 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşları arasında online görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bu il imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi müzakirə edilib.
Qeyd olunub ki, saziş iki ölkə arasında bitki mühafizəsi və karantini sahəsində birgə fəaliyyətin genişləndirilməsinə, bitki və bitkiçilik məhsullarının idxal-ixrac prosesinin sadələşdirilməsinə imkan verəcək.
Tədbirdə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, ikitərəfli münasibətlərin və qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadiləsinin miqyasının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə bitki, bitkiçilik və digər fitosanitar nəzarətə aid məhsulların ikitərəfli ticarəti ilə əlaqədar sanitar və fitosanitar tədbirlər sahəsində əməkdaşlıq istiqamətində əlaqələrin inkişafına əminlik ifadə edilib.