ELM VƏ TƏHSİL
Türkiyənin Azərbaycandakı səfiri ADU-nun qonağı olub
Bakı, 30 aprel, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu deyib, onu “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib. Akademik Kamal Abdulla bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının Türkiyə universitetləri ilə sıx əlaqəsi var.
Görüşdə “Erasmus+” və “Mövlana” proqramları ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, ADU-nun tələbələrinin və müəllimlərinin Türkiyə universitetlərində təcrübə keçmək məsələsi, “Azərbaycan multikulturalizmi” fənninin Türkiyə universitetlərində tədrisi müzakirə olunub.
Səfir iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb, Türkiyədən gələn tələbələrin ADU-da təhsil almasını yüksək dəyərləndirib. “Səfir saatı”nda tələbələrlə görüşməyi məmnuniyyətlə qəbul edən diplomat səslənən təklifləri müsbət dəyərləndirib və əlaqədar qurumlarla danışıqlar aparacağını diqqətə çatdırıb.