SİYASƏT
TÜRKİYƏNİN BAŞ NAZİRİ AĞ EVDƏ TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASININ AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏN ASILI OLDUĞUNU BƏYAN ETMİŞDİR
Vaşinqton, 8 dekabr (AZƏRTAC). ABŞ-da rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Ağ Evdə Prezident Barak Obama ilə görüşmüşdür. Danışıqlardan sonra jurnalistlər qarşısında brifinqlə çıxış edən liderlər müzakirə olunan məsələlər üzərində ətraflı dayanmışlar.
Tərəflər bildirmişlər ki, bölgədə sülhün və sabitliyin bərqərar olması istiqamətində NATO müttəfiqləri birgə addımlar atacaqlar. Türkiyə və Birləşmiş Ştatlar Əfqanıstan və İraqda vəziyyətin stabilləşməsi, İranın nüvə proqramının beynəlxalq hüquqla müəyyənləşən hüdudlar çərçivəsində inkişaf etməsi, İsrail-Fələstin, İsrail-Suriya münasibətlərinin yaxşılaşdırılması, terrorla mübarizə üzrə əməkdaşlığı davam etdirəcəklər. Barak Obama ümid etdiyini bildirmişdir ki, ABŞ-Türkiyə əməkdaşlığı təkcə NATO çərçivəsindəki hərbi-strateji səpkidə qalmayıb, artan iqtisadi münasibətlərə də arxalanacaqdır. ABŞ Prezidenti bu məsələyə böyük nikbinliklə baxdığını demişdir.
Türkiyənin Baş naziri Ərdoğan bu fikrə əlavə etmişdir ki, tərəflər arasında digər mühüm əməkdaşlıq məsələsi enerji sahəsidir. Türkiyənin tranzit ölkə olduğunu bildirən Ərdoğan Nabukko layihəsi üzrə razılaşmanın imzalandığını və Azərbaycanla bu məsələ üzrə danışıqların davam etdiyini söyləmişdir. O, layihə üzrə müsbət irəliləyişin əldə olunacağına inamını ifadə etmişdir. Baş nazir jurnalistlərə onu da demişdir ki, tərəflər “olduqca böyük əhəmiyyət daşıyan Azərbaycan ilə Ermənistan arasında münasibətləri” müzakirə etmişlər. Bu, Türkiyə-Ermənistan münasibətləri kontekstində çox vacibdir. Ərdoğanın sözlərinə görə, Barak Obama ilə Minsk qrupu həmsədr ölkələrinin prosesə necə təkan verə biləcəyi barədə fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, Minsk prosesinə təkan ümumi proseslərin gedişinə müsbət təsir göstərəcəkdir. Çünki Türkiyə və Ermənistan münasibətlərinin normallaşması bu məsələdən çox asılıdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
######