CƏMİYYƏT
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa böyük əhəmiyyət verir VİDEO
Bakı, 22 iyul, AZƏRTAC
Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış–xilasetmə Dəstəsinin şəxsi heyətlə komplektləşdirilməsi və Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) klassifikasiya mərhələsi üzrə taktiki-xüsusi təlimi müşahidə etmək üçün ölkəmizdə səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və AFAD-ın sədr müavini Fatih Özərin rəhbərlik etdiyi nümayəndə heyəti FHN-nin Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində olublar. Qonaqlar yanğınsöndürmə texnikaları və avadanlıqları ilə tanış olub, onlara şəxsi heyət üçün yaradılmış şəraitlə bağlı məlumat verilib.
Sonra Türkiyə nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olub.
AFAD-ın nümayəndə heyəti ilə Fövqəladə Hallar Nazirliyində keçirilmiş görüşdə nazir müavini, general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat verib, qardaş Türkiyənin bu qurumu ilə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Özər təmsil etdiyi qurumun FHN ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, keçirilən birgə tədbirlərin ikitərəfli əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını bildirib.
Sonra qonaqlar FHN-nin Akademiyasında olublar.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov türkiyəli qonaqlara bu ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib, onları buradakı laboratoriya və texnika ilə tanış edib.
Daha sonra fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və AFAD-ın nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış–xilasetmə Dəstəsinin şəxsi heyətlə komplektləşdirilməsi və Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) klassifikasiya mərhələsi üzrə taktiki-xüsusi təlimin gedişini izləyiblər.
Təlimə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının texnika və avadanlıqları və şəxsi heyəti cəlb olunub.