İDMAN
Türkiyənin məşhur “LİG TV” kanalı Ağdamın “Qarabağ” futbol klubu barədə süjet hazırlayıb

Bakı, 29 aprel, AZƏRTAC
Türkiyənin məşhur “LİG TV” kanalı Ağdamın “Qarabağ” futbol klubu barədə süjet hazırlayıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, süjetdə “Qarabağ”ın Topaz Premyer Liqasının XXXI turunda “Neftçi” ilə oyunu haqqında məlumat verilib.
“Qarabağ” - “Neftçi” matçının Azərbaycan derbisi adlandırıldığı xəbərdə Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin qələbə ilə bağlı təəssüratlarına yer verilib. Eyni zamanda, “Qarabağ”ın vəkili Qurur Qaye Günal Avropa Liqası yarışlarının qrup mərhələsinin sonuncu turundakı qolun qeydə alınmaması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edildiyini bildirib.
“Qarabağ”ın qrup mərhələsinin sonuncu oyununda qaydalar çərçivəsində vurduğu qolu oyunun baş hakimi qeydə almamışdı və komanda buna görə UEFA-ya şikayət etmişdi. UEFA tərəfindən şikayət təmin olunmadığından klubun vəkili ən ali məhkəmə qurumu olan CAS-a müraciət edib.