MƏDƏNİYYƏT
Türkiyənin məşhur serialında Azərbaycanın Milli Qəhrəmanından bəhs edilmişdir
Bakı, 28 mart (AZƏRTAC). Türkiyənin “TRT-1” kanalında yayımlanan məşhur “Sakarya Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilmişdir.
AZƏRTAC xəbər verir ki, epizodda əsgərlərdən biri digər əsgər yoldaşlarına Mübariz İbrahimov haqqında danışır. Onun 2010-cu ildə şəhidlik zirvəsinə yüksəldiyi, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü, Qarabağda xidmət edən gizir olduğu bildirilir.
Serialda əsgər qeyd edir ki, bir gün səhər komandirləri Mübarizin atasına zəng edərək, oğlunun hərbi hissəni tərk etdiyini bildirmişlər. Atası isə demişdir ki, oğlum hərbi hissədə deyilsə, düşmənin olduğu tərəfə baxın, mütləq ora getmişdir. Elə də olur. Mübariz həmin gecə təkbaşına erməni işğalçıları ilə döyüşə atılır. Yağı düşmənlə şəhid olanadək döyüşür.
Diqqətə çatdırılır ki, Azərbaycan tərəfi düşmənlə qeyri-bərabər döyüşdə inanılmaz igidlik göstərərək şəhid olmuş Mübariz İbrahimovun nəşini yalnız iki ay sonra geri ala bilmişdir.
Serialda qaniçən ermənilərin Mübariz İbrahimovun hətta meyitinə işgəncə verdikləri, cəsədindən belə qorxduqları vurğulanır.