SİYASƏT
TÜRKİYƏNİN MİLLİ BAYRAMI BAKIDA QEYD EDİLİR
ŞƏHİDLƏRİN XATİRƏSİ ANILMIŞDIR
Türkiyə Cümhuriyyətinin yaranmasından 85 il keçir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB), Azərbaycan-Türk İş Adamları Birliyi (ATİB) Türkiyənin milli bayramı - Respublika günü münasibətilə oktyabrın 29-da Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Şəhid türk əsgərlərinin xatirəsi ehtiramla yad olunmuş, onların adları yazılmış lövhələrin üzərinə gül-çiçək dəstələri düzülmüş, abidənin önünə əklillər qoyulmuşdur.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç xatirə kitabını imzalamışdır.
Sonra tədbir iştirakçıları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə də güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklillər qoymuşlar.
######