İQTİSADİYYAT
Türkiyənin “Park Residensces” şirkəti Azərbaycan vətəndaşlarını layihələri ilə tanış edir
Bakı, 17 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Türkiyənin “Park Residensces” daşınmaz əmlak şirkəti İstanbulun Kadıköy ərazisində 4 binadan ibarət yaşayış kompleksində yeni və müasir mənzillər təklif edir.
Bu sözləri AZƏRTAC-a Bakı Ekspo Mərkəzində açılmış Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində şirkətin satış üzrə direktoru xanım Sedef Baran deyib.
Onun sözlərinə görə, sərgidə iştirakda əsas məqsəd Türkiyədə daşınmaz əmlakla bağlı, eyni zamanda təmsil etdiyi şirkətin layihələri ilə Azərbaycan vətəndaşlarını məlumatlandırmaqdır. S.Baran həmçinin Bakıda keçirilməsi artıq ənənəvi hal alan bu sərginin təşkilindən razılıq ifadə edərək, şirkətlər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd olunub ki, “Park Residensces” Türkiyədə daşınmaz əmlak sahəsində tanınmış şirkətlərdən biridir. Hazırda sərgidə təqdim olunan kompleksdəki mənzillərin sahəsi 690 kvadratmetrdən başlayır və sakinlərin rahatlığı üçün hər bir şəraitlə təmin olunacaq. Belə ki, kompleksdə bağça, avtomobillər üçün yeraltı dayanacaq, alış-veriş mərkəzi nəzərdə tutulub. Bundan əlavə, kompleksin arxasında 120 min kvadratmetr sahəyə malik gözəl park salınacaq.
Şirkət təmsilçisi qeyd edib ki, mənzillərin qiyməti 500 min dollardan başlayır. Mənzilləri nağd pulla və ya faizsiz kreditlə də almaq mümkündür.