DÜNYA
Türkiyənin Reyhanlı şəhərində baş vermiş terror nəticəsində ölənlər və yaralananlar vardır
Bakı, 12 may (AZƏRTAC). Mayın 11-də axşam saatlarında Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhər xəstəxanasında və başqa yerlərdə bir-birinin ardınca 4 güclü partlayış baş vermişdir.
AZƏRTAC TRT kanalına istinadla xəbər verir ki, partlayışlar nəticəsində 42 nəfər ölmüş, 100-dən çox insan yaralanmışdır.
Hadisə nəticəsində bələdiyyə binası, həmçinin yaxınlıqdakı çoxlu sayda tikiliyə və avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerinə cəlb olunmuş xilasedicilər dağıntılar altından qalmış insanları və həlak olanların cəsədlərini çıxarırlar. Təcili tibbi yardım briqadaları insanlara yardım göstərirlər.
Ölənlərin sayının artacağı istisna edilmir.
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər hadisənin terror aksiyası olduğunu bildirmişdir.
Türkiyə parlamentinin sədri Cəmil Çiçək ölən vətəndaşların ailə üzvlərinə baş sağlığı verərək bəyan etmişdir ki, hadisəni törədənlər və onların arxasında duranlar mütləq cəzalandırılacaqdır.
Siyasi şərhçi, Yaxın Şərq üzrə mütəxəssis Ufuk Ulutaş bildirmişdir ki, Türkiyənin terrora son qoymaq üçün PPK terror təşkilatı ilə anlaşdığı bir vaxtda belə bir dəhşətli terror aksiyasının törədilməsi təsadüfi deyildir. Burada məqsəd, Türkiyədəki ictimai-siyasi sabitliyi pozmaqla Ərdoğan hökumətinə təzyiq göstərməkdir. Açıq-aşkar aydın olur ki, Türkiyənin bölgədə gücünün artmasına və söz sahibi olmasına qarşı çıxanlar vardır.
Hadisənin Suriya hakimiyyəti tərəfindən törədilməsi ilə bağlı fikirlər əsassız deyildir. Türkiyə çox kəskin şəkildə Bəşər Əsədin istefasını tələb edərək Suriyada hakimiyyət dəyişikliyini istəyir.
Bəzi siyasi müşahidəçilər qeyd edirlər ki, Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ərəfəsində törədilən aksiyanın məqsədi Türkiyə hökumətini qorxutmaq və Suriyada Əsəd rejiminin devrilməsi ilə bağlı rəsmi Ankara ilə Vaşinqton arasında əldə olunması ehtimal olunan razılaşmanı pozmaqdır.