SİYASƏT
Türkiyənin TODAİE İnstitutunun rektoru “ASAN xidmət”lə tanış olmuşdur
Bakı, 15 mart (AZƏRTAC). Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) rektoru Eyyub İsbirin başçılıq etdiyi türkiyəli professor-müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə qurumun sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədi, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planları barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha çevik, keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. “ASAN xidmət” dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasını, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin etmək məqsədi ilə yaradılmışdır.
Qonaqlar iki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildirmişlər.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olmuş qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmişlər.
Görüşdə, həmçinin Dövlət Agentliyinin elmi potensialının inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılmışdır.