İQTİSADİYYAT
Türkiyənin TRT Avaz televiziyası qədim “İpək Yolu”nun inkişaf perspektivləri ilə bağlı verilişlərinin yayımına başlamışdır
Bakı, 4 aprel (AZƏRTAC). Türkiyənin TRT Avaz televiziyası “Avrasiya seyr dəftəri” layihəsi çərçivəsində qədim İpək Yolunun inkişaf perspektivləri ilə bağlı verilişlərinin yayımına başlamışdır. Layihənin ikinci hissəsi “Xəzər nefti” adlanır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) AZƏRTAC-a verilən məlumata görə, layihədə Türküstan ellərinin bir-birinə bağlılığını şərtləndirən amillər, o cümlədən qədim İpək Yolunun inkişaf perspektivləri, dəmir yolu əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlər əksini tapmışdır.
“Xəzər nefti” hissəsində QSC sədrinin müavini Qurban Nəzirov, Milli Məclisin deputatı Rafael Hüseynov, Oksford Universitetinin professoru Mark Almond, Bilkənd Universitetinin professoru Hasan Əli Karasar və başqaları Azərbaycanda dəmir yolunun yaranma tarixi, inkişaf mərhələləri, hazırkı durumu ilə bağlı tamaşaçılara ətraflı məlumat verirlər.
TRT Avaz televiziyasının “Avrasiya seyr dəftəri” layihəsi çərçəvəsində çəkilişlər yanvar-fevral aylarında Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Türkiyədə aparılmış və martın 25-dən yayımına başlanılmışdır. Növbəti verilişlərdə qədim İpək Yolunun XX əsrdə yenidən dirçəldilməsi istiqamətində görülən işlər tamaşaçılara təqdim olunacaqdır.