SİYASƏT
TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ERMƏNİSTANLA YARANMIŞ GƏRGİNLİYİ ABŞ-IN DÖVLƏT KATİBİ İLƏ MÜZAKİRƏ EDƏCƏKDİR
Ankara, 22 yanvar (AZƏRTAC). Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iordaniyalı həmkarı Naser Jaudah ilə Ankarada keçiridiyi mətbuat konfransında Ermənistan Konstitusiya Məhkəməsinin iki ölkə arasında imzalanmış protokollarla bağlı qərarını şərh etmişdir.
Əhməd Davudoğlu bildirmişdir ki, Türkiyə Prezidentinin, Baş nazirin və onun iştirakı ilə keçirilmiş toplantıda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı müzakirə olunmuşdur. Bu müzakirələrdən sonra Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi Ankaranın mövqeyi əks olunmuşdur. Hər şeydən əvvəl, biz normallaşma prosesinə başladıqda geniş görüntü perspektivi ilə hərəkət etdik. Niyyətimiz Ermənistanla münasibətlərin tam şəkildə normallaşdırılması idi. Protokollar da bu hədəf çərçivəsində imzalandı. Biz, bu gün də protokolların hərfinə və ruhuna sadiqik, yubanmadan onları parlamentimizə təqdim etdik. Ermənistanda isə, parlamentə göndərilməzdən əvvəl sənədlər Konstitusiya Məhkəməsində müzakirə olundu. Əlbəttə, orada protokolların Ermənistanın ali qanununa uyğun gəlməsi ilə bağlı bir sıra fikirlər söylənə bilər. Amma, bizim üçün mühüm olan onların hərfinə və ruhuna xələl gətirilməməsidir. Protokollardakı bəzi maddələrə daha çox əhəmiyyət verilməsi, bəzilərinin isə ikinci dərəcəli məsələ kimi qiymətləndirilməsi onların hərfinə və ruhuna uyğun olmaz. Biz bu məsələdə narahatlığımızı bildirdik. Mən Ermənistanın xarici işlər naziri ilə uzun bir telefon danışığı apardım və bu qayğılarımızı ona da çatdırdım. O, qərarın protokollara təsir etməyəcəyini bildirsə də, biz bu məsələdə daha açıq və konkret bir açıqlama gözləyirik.
Türkiyə xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, məsələni ABŞ-ın dövlət katibi Hillari Klintonla və prosesin tərəfdaşı olan İsveçrəli həmkarı ilə müzakirə edəcəkdir. Bizim üçün mühüm olan bu prosesin sağlam şəkildə davam etməsidir. Türkiyənin bu məsələdə güclü siyasi iradəsi vardır və davam edir. Lakin, protokolların təməl maddələrinə xələl gətirilməməlidir. Ümidvarıq ki, proses bizim istədiyimiz şəkildə davam edəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara